«YARAT!» Müasir İncəsənət Məkanı «PARTICIPATE» Baku Public Art» festivalı çərçivəsində növbəti əsəri təqdim etmişdir

 

"YARAT!" Müasir İncəsənət Məkanı "PARTICIPATE" Baku Public Art" festivalı çərçivəsində növbəti əsəri təqdim etmişdir.

AzərTAc xəbər verir ki, gənc rəssam Afət Bağırovanın "Sirrini mənə danış" layihəsi festival proqramına daxil olunmuş on əsərdən sayca yeddincisidir.

Yay aylarında və payızın əvvəlində bakılılar və şəhərimizin qonaqları daha üç maraqlı layihə ilə tanış olmaq fürsətindən yararlana biləcəklər. Nümayişi nəzərdə tutulan əsərlər öz miqyası ilə tamaşaçıları heyrətləndirəcəkdir. Azərbaycan rəssamlarının təqdim etdikləri layihələrin təməlini əsasən tamaşaçıların yaradıcılıq prosesinə cəlb olunması ideyası təşkil edir və bu layihələrdə Bakı sakinlərinin gündəlik təəssüratları özünü büruzə verir.

"Sirrini mənə danış" layihəsinin müəllifi Afət Bağırova tamaşaçılara öz sirlərini məxfilik əsasında nəhəng qulağa nəql etməyi, habelə digər insanların sirlərinə qulaq asmağı təklif edir (bunun üçün sadəcə qulaqcıq taxmaq lazımdır). Xanım rəssamın yaratdığı əsər tövbə əlamətlərinə malikdir. Rəssam tərəfindən hazırlanmış nəhəng qulaq nəql etdiyiniz tarixçəni yazır, əsərə əlavə olunan qulaqcıqlar isə əvvəlcədən yazılmış etirafları dinləmək imkanı yaradır. Öz sirlərimizi danışanda və başqalarının sirlərini öyrənəndə biz sərbəstlik əldə etmiş oluruq. Yaradılan əsər məxsusi olaraq Şərq şəhərinə xas xüsusiyyətləri qabardır, çünki Şərq şəhərlərində əsas xəbərlər ağızdan-ağıza dolaşır və astadan söylənilir.

"PARTICIPATE" Baku Public Art" festivalının sponsoru "Bank Respublika"dır.

 

Azərbaycan.-2013.- 19 iyun.- S. 15.